Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.
Elxeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov fevralın 22-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Bu dəyişiklik “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının xüsusiyyətləri nəzərə alınaraq edilib. Həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin coğrafiya fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü əsas götürülüb.
Dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınıb və III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsini əks etdirir.
Bildirilib ki, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili nəzərdə tutulmuş dəyişikliklərin həmin ixtisaslara olan marağı artıracağını, müsabiqədə daha çox abituriyentin iştirakına şərait yaradaçığını göstərir.
Qeyd edək ki, qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməli olacaqlar.