Səməd Bəhrəngi - müəllim, tərcüməçi, nasir, publisist, həm də İran uşaq ədəbiyyatının banisi sayılır. Daha çox “Balaca qara balıq” kitabı ilə tanınıb.

Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Cənubi Azərbaycanın Təbriz şəhərində, yoxsul bir ailədə  anadan olub. İbtidai təhsilini “Tərbiyyət” məktəbində alıb, sonra Təbriz Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim kimi başlayıb. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). 1957-ci ildən etibarən kənd məktəblərində dərs deyib. Kitabları ilə yanaşı, çox sayda pedaqoji məqalələr və inşalar yazıb.

Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türklərinin yaşadığı kəndləri gəzərək Azərbaycan folkloruna aid nümunələri toplayıb. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirib. Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və b. hekayə və nağıllarını yazıb (1967-1969). Maraqla qarşılanan hekayələrindən olan “Balaca qara balıq” kitabı azadlığa həsr olunub.

Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilib.

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa da, İran ədəbiyyatçıları Səməd Behrəngini İranda uşaq ədəbiyyatının qurucusu kimi qəbul edirlər. 

Səməd Behrəngi 1968-ci il avqustun 30-da İranda Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Onun İran şahı tərəfindən öldürüldüyü güman edilir.

Qeyd edək ki, S.Behrənginin Bakıda ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Onun "Balaca qara balıq" əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb musiqilər bəstələnib, haqqında müxtəlif qisa filmlər çəkilib.

2014-cü ildə Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Dövlət Diaspor Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib. Mükafat Bütöv Azərbaycan ideologiyası, Güney və Quzey arası əlaqələrin inkişaf etdirilməsinə xidmət edir.