Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Macarıstan, Almaniya, Türkiyə, Polşa, Çexiya və Birləşmiş Krallıqda Azərbaycanın Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə xarici ali təhsil müəssisələrinin azərbaycanlı və əcnəbi tələbə və məzunları iştirak edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti ilə qazanılan Zəfərin ildönümü münasibətilə həmrəylik, fəal təmsilçilik şüarları altında müxtəlif faəliyyətlərdə bir araya gəlib.
Macarıstanın paytaxtı Budapeştdə ASAP, Azərbaycan Macarıstan Məzunlar Birliyi (AHAU) və “Azərbaycan Diaspor Gəncləri” platformasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər Hiking yürüşü” keçirilib.
Yürüşdə Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş maşrutla Kekestoto zirvəsinə qalxıblar. Təsadüfi deyil ki, Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və “Zəfər Hiking yürüşü” məhz bu maşrut üzrə hərəkəti təşkil etmişdir. Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə bağlı məlumat verilib, bukletlər paylanılıb. “Zəfər Hiking yürüşü” fləşmobuna Çexiya, Polşa, Almaniya, Birləşmiş Krallıq və Türkiyədə yaşayan həmvətənlərimiz də qoşularaq, öz yaşadıqları ölkələrdə Zəfər gününə həsr edilmiş hiking yürüşü keçiriblər.
Noyabr ayının 6-da Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Paşa Bankın dəstəyi, ASAP və ADA Universitetinin birgə təşkilatçılığı ilə ADA universiteti məzunlarının birinci forumu keçirilib. Azərbaycanın Zəfər Günü ərəfəsində keçirilən tədbirdə ADA Universitetinin Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və əcnəbi məzunları, eləcə də Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiya üzrə məsul departamentinin rəhbəri, diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə və Gürcüstan səfirləri, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəlik ofisinin rəhbəri, elmi-akademik dairələrin təmsilçiləri daxil olmaqla, 100-dən çox qonaq iştirak edib. Tədbirin açılışında çıxış edən ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə qalib gəldiyimiz 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin ildönümü ərəfəsində belə bir forumun keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, ADA Universitetinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə davamlı əsasda mühüm töhfə verdiyini qeyd edib. Forumda, eyni zamanda, məşhur fotoqraf, ölkəmizin işğaldan azad edilmiş ərazilərinə dəfələrlə səfər etmiş Reza Deqati ərazilərimizin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət təqdimatla çıxış edib. Tədbirin ikinci panel iclası isə “ADA Universitetinin gələcək strategiyası və məzunların rolu” mövzusunu əhatə edib. Bu mövzu barədə isə ali təhsil ocağının tədris işləri üzrə prorektoru Vəfa Kazdal, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, ASAP-ın İcraçı direktoru Rafael Hacıbəyli, Məzunlarla iş departeminin koordinatoru Zöhrə Əsədova və ADA Məzun Assosiasiyasının idarə heyəti üzvü Alim Şəntürk panel müzakirəsində çıxış edərək, məzunların suallarını cavablayıb.
Polşanın paytaxtı Varşavada ASAP Polşa nümayəndəliyinin Zəfər Gününə həsr edilmiş tədbirində öncə “hiking” yürüşü təşkil olunub, daha sonra Polşada yaşayan azərbaycanlı gənclər şəbəkələşmə tədbirində bir araya gələrək, zəfərdən sonra Qarabağda yenidənqurma prosesinə gənclərin cəlb edilməsi və onların xarici ölkələrdə qazandıqları təcrübənin tətbiqi ilə bağlı müzakirələr aparıblar.
Almaniyada yaşayan azərbaycanlı gənclərimiz Kölndə yerləşən Azərbaycan Mədəniyyət Evində bir araya gələrək, Zəfər Gününü qeyd ediblər. Tədbirdə Vətən müharibəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb, 44 gün davam edən haqq savaşında xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs olunub. Tədbirin bədii hissəsində milli musiqilərimiz səsləndirilib və tədbir iştirakçılarına milli atributlarımız nümayiş etdirilib.
Türkiyənin Bursa və Yalova şəhərlərində Zəfər Günü ilə bağlı müxtəlif tədbirlər baş tutub. Bursa şəhərində ASAP və Bursa Azərbaycan İnnovasiya və Birlik Dərnəyinin birgə təşkilatçılığı ilə 6 noyabr tarixində Zəfər Gününə həsr edilmiş konsert proqramı keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin milli musiqiləri səsləndirilib. Daha sonra Bursa Uludağ Universitetində Zəfər Günü ilə əlaqədar panel müzakirələri olub. Yalova şəhərində isə Zəfər Günü münasibətilə Yalova Şəhər Mərkəzində orada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə yürüş keçirilib. Yürüşdən sonra Yalovada yerləşən Atatürk meydanında Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən stend açılıb. Stendə yaxınlaşan şəxslərə 44 günlük Vətən müharibəsi haqqında məlumat verilib, bukletlər paylanılıb. Bundan başqa, Yalovada Xalq Tədris Konfrans zalında Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.