"2020-ci ilin aprel ayından bu günə qədər - pandemiya dövründə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz oksimetri Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində milli tərəfdaşlara təhvil verilib".

Elxeber.com xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Çertomir Fisinger layihənin bağlanış mərasimində deyib.

O bildirib ki, həmin müddətdə COVID-19-la ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17 600 əl gigiyenası ləvazimatı Azərbaycanın tibb müəssisələrinə təqdim edilib.

Onun sözlərinə görə, layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib: "COVID-19-la mübarizə potensialının gücləndirilməsi məqsədilə 7 800 tibb işçisi, tibb tələbəsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və media nümayəndəsi müvafiq təlimlərə cəlb edilib.

COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. Layihə tərəfindən 23 tibb müəssisəsi İPN üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarəolunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ilə ölkənin iki ən böyük psixi sağlamlıq müəssisəsinə 9 ay ərzində psixoloqlar və sosial işçilər tərəfindən psixoloji yardım və psixo-sosial dəstək verilib".