Avropada havanın yüksək temperaturundan qaynaqlanan meşə yanğınları davam edir. 

Bir çox ölkələr hələ də meşə yanğınlarının qarşısını almaq üçün mübarizə aparır. Minlərlə hektar ərazi yanıb və alov yaxınlaşdıqca insanlar evlərini tərk etmək məcburiyyətində qalırlar.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa, İspaniya, İtaliya, Portuqaliya, Xorvatiya, Sloveniya və Yunanıstan alov içindədir. Yanğın böyük meşə sahələrini, evləri məhv edib.

Yanğınların tüğyan etdiyi ölkələrdə havanın temperaturu müsbət 40 dərəcəni keçib ki, bu da xilasedicilərin işini çətinləşdirir.

İsti hava təkcə Portuqaliya və İspaniyada 1000-dən çox insanın həyatına son qoyub. Portuqaliya ərazisində indiyədək 200-ə yaxın yanğın hadisəsi qeydə alınıb, 10 min hektara yaxın meşə sahəsi məhv olub. Hazırda Portuqaliyada 3 mindən çox yanğınsöndürən evlərini xilas etmək üçün çarəsiz qalan yerli sakinlərlə birlikdə mübarizə aparır. 

Qeyd edək ki, Portuqaliyanın bəzi ərazilərində havanın temperaturu rekord həddə çatdıqda (+47 dərəcə), təkcə bir sutka ərzində 440 nəfər ölüb. Həkimlər insanların ölümünün əsas səbəblərini açıqlayıblar: istilik vurması, susuzlaşdırma, dəm qazı zəhərlənməsi. Həlak olanlardan biri Portuqaliyaya məxsus hidrotəyyarənin pilotu olub. O, İspaniya ilə sərhəd yaxınlığındakı Foş Koa şəhəri yaxınlığında yanğını söndürərkən qəzaya uğrayıb.

Portuqaliya hökuməti yanğınlarla əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini uzadıb. Sinoptiklər xəbərdarlıq edirlər ki, 40 dərəcə istilər hələ səngiməyəcək. İsti hava demək olar ki, bütün ölkəni tamamilə qurudur. Yanğınla mübarizə getdikcə çətinləşir. Lakin yanğınların səbəbi yalnız yüksək temperatur deyil. Səlahiyyətlilər iddia edirlər ki, yanğınları həm də məsuliyyətsiz insanlar törədir.

İspaniyada da vəziyyət ağırdır. Ölkənin qərbində əlliyə yaxın uşaq yay düşərgəsindən təcili olaraq təxliyə edilib. Ən çətin vəziyyət Salamanka əyalətində yaranıb. Burada 200 yanğınsöndürən hələ də alovu nəzarət altına ala bilmir. İndiyədək 4 min hektar meşə yanıb. Yerli hakimiyyət orqanları ölkənin cənubundakı məşhur Kosta del Sol kurortunda yerləşən Mijas sahilyanı qəsəbəsindən 2300 nəfəri təxliyə edib.  

Fransada da vəziyyət gərgindir. Yanğınsöndürənlər ölkənin cənub-qərb hissəsindəki Jironde departamentinin Bordo bölgəsində iki böyük yanğını lokallaşdırmağa çalışırlar. Min nəfərə yaxın yanğınsöndürənin səyinə və helikopterlərdən tonlarla su atılmasına baxmayaraq, güclü külək nəticəsində artan yanğın genişlənməkdə davam edir. Beş min hektara yaxın meşə və otlaq sahələri məhv edilib. 14 mindən çox turist və yerli sakin təxliyə edilib. 

Ümumilikdə Fransanın 11 departamenti istilərlə əlaqədar narıncı hava xəbərdarlığı  edib.

Yanğınlar İtaliyanın şimalında Adriatik sahilindəki Bibione kurortunu da bürüyüb. Yanğınlar Venesiya sərhədlərinə qədər uzanıb.

Yunanıstan da yanğın fəlakəti ilə üz-üzə qalıb. Ölkənin Samos adasındakı meşələr yanır. 

Krit adasında bir neçə yaşayış məntəqəsi boşaldılıb.