Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Maarifçi Xeyrxah Xanımlar" İctimai Birliyi “İmkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə təşəbbüs” adlı layihənin icrasına başlayıb.
Layihənin müddəti 3 aydır.
Birlikdən Elxeber.com-a verilən məlumata görə, layihənin məqsədi imkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial şəraitlərinin yaxşılaşdırılması, xəstə, ahıl və uşaqların müayinəsi, onlara sosial xidmətlərin təşkil edilməsidir.
Eyni zamanda, bu kateqoriyadan olan insanların sosial problemlərinin həllində kömək göstərilməklə onlara mənəvi dəstək olmaq, xeyriyyəçilik ənənələrini gücləndirməklə cəmiyyətin diqqətini bu kateqoriyadan olan insanların problemlərinə yönəltməkdir.
Layihə çərçivəsində fiziki cəhətdən hərəkət etmək imkanı olmayan yaşlı, tənha və kimsəsizlərin evdə tibbi müayinə və müalicəsinin təmin olunması, gündəlik ev işlərinin görülməsi və onların gigiyenik tələbatlarının ödənilməsi üçün, sosial təminat şöbəsinə müraciət etməklə, sosial işçilər cəlb ediləcək.
Tibbi müayinəni həyata keçirən həkim heyəti könüllü olaraq fəaliyyət göstərəcək.
Hüquqi problemlərlə üzləşən ahıl, yaşlı və tənha insanlara da problemlərin həllində yardım olunacaq.