Bakının daşnak-bolşevik işğalından azad edilməsindən 104 il ötür. 

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə zülm edirdi. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bilmədi.

1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın göstərişi ilə erməni-daşnak dəstələri Azərbaycanın bir çox yerlərində olduğu kimi, Bakıda da azərbaycanlılara qarşı soyqırımı törətmişdilər. Məhz bu hadisədən sonra Azərbaycan ziyalıları və milli burjuaziyası dostun və düşmənin kim olduğunu qətiləşdirdilər. Onlar Azərbaycan xalqını soyqırımına məruz qoyan erməni daşnak və bolşevik qruplaşmalarına qarşı mübarizədə Osmanlı dövlətinin qardaşlıq yardımına güvənməyin vacib olduğunu başa düşdülər. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqaviləyə görə, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Qafqazdakı türk-müsəlman əhalisinə qarşı törədilən qırğınlara son qoymaq üçün Osmanlı dövlətindən hərbi yardım istədi. Bundan sonra Osmanlı ordusunun Baş Komandanı Ənvər Paşa 5-ci Piyada Diviziyasının Qafqaz İslam Ordusuna qatılması barədə əmr verdi.

Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərksilah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi.

Qafqaz İslam Ordusunun tərkibində 5 minə yaxın azərbaycanlı var idi.

1918-ci ilin iyun-iyul aylarında Göyçay döyüşlərində bolşevik və erməni daşnak silahlı dəstələri üzərində möhtəşəm qələbədən sonra Qafqaz İslam Ordusunun əsas məqsədi Bakını düşməndən azad etmək oldu. Əvvəlcə Göyçay, Ağdaş, Kürdəmir və Ağsu bolşevik və erməni daşnak silahlı dəstələrindən təmizləndi. Qafqaz İslam Ordusu Şamaxını azad etdikdən sonra Bakıya yolu açıldı.

Bakıda anti-Azərbaycan siyasəti yürüdən Stepan Şaumyanın başçılıq etdiyi separat hökumət qurumu bolşevik Rusiyasının rəhbəri Leninin köməyinə arxalanırdı.

Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular.

Sentyabrın 13-də Biləcəri dəmiryolu istiqamətində irəliləyən Qafqaz İslam Ordusu düşmənin birinci müdafiə xəttini yardı. Sentyabrın 14-də günorta saatlarına qədər davam edən döyüşlər nəticəsində düşmənin müqaviməti tamamilə qırıldı. Qafqaz İslam Ordusu və onun tərkibində döyüşən azərbaycanlı əsgərlər Bakının tələfatsız azad olunması üçün əllərindən gələni etdilər. Lakin bolşevik və erməni daşnak silahlı dəstələri küçə döyüşləri zamanı dinc əhalini qətlə yetirirdilər. Nəhayət, sentyabrın 15-də Bakı düşməndən azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. 

Bakının azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin böyük bir hissəsində öz hakimiyyətini bərqərar etdi. Bakının azad olunduğu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri oldu. Bu gün tariximizə Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsi kimi yazılıb.