Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı qərarı təsdiqləyib. Daha sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib.
Elxeber.com xəbər verir ki, qərar layihəsi parlamentin aprelin 12-də keçirilən plenar iclasının gündəliyinə daxil olunub və səsə qoyularaq qəbul edilib.
Eyni zamanda, parlamentin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.
T.Mirkişili Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.
Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.