“Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək. Bu, “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Elxeber.com-un məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.

Bildirilib ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.