Mayın 28-i Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının ilk türk cümhuriyyətini tarix səhnəsinə çıxardığı gündür.

Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

Hazırda Müstəqillik Günü kimi qeyd etdiyimiz 28 May tariximizə qızıl hərflərlə həkk olunub.

1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan edib. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş olub. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçilib. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı idi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

Cümhuriyyətin qurucuları qısa bir müddət - 23 ay ərzində çox böyük işlər gördü. Dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

23 ay ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Cümhuriyyət 23 aydan sonra mürəkkəb tarixi hadisələr fonunda süquta uğrasa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. 

Azərbaycan XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşdu.

Cümhuriyyətimizin yeni yaşı mübarək olsun!