"Artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər. Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyli yumşalılıb, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılmaqdadır".

Açıqlamanı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov verib.

O, Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı hansı addımların atılmasının məqsədəuyğun olmasına toxunub: "Son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur. Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlarla dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardi".
Qarşıdan yeni turizm mövsümü gəldiyini xatırladan ekspert bildirib ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalıb: "Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha da yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər".