Bu il payız fəsli Azərbaycanda sentyabrın 23-ü Bakı vaxtilə saat 05:03-də başlayacaq. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Bu barədə Elxeber.com-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.

Şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüz 9 saat 17 dəqiqə 22 saniyə, gecə isə 14 saat 42 dəqiqə 38 saniyə davam edəcək.