Azərbaycanda Türkiyənin COVID-19-a qarşı hazırlanmış yerli TURKOVAC vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.
Türkiyə Sağlamlıq Qurumları (TÜSEB) Rəyasət Heyəti ilə Bakı Sağlamlıq Mərkəzi arasında TURKOVAC vaksinin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb.
TÜSEB prezidenti Erhan Akdoğan TURKOVAC-ın Türkiyədəki sınaqlarının tamamlandığını və istifadəsinə icazə verildiyini xatırladıb.
O bildirib ki, Türkiyədə TURKOVAC geniş şəkildə tətbiq olunur: "Biz görürük ki, Türkiyə vətəndaşları bu peyvəndə böyük maraq göstərirlər. TURKOVAC peyvəndi Türkiyədə bütün dozalarda vurulur".
Türkiyənin dünyada COVID-19 peyvəndi istehsal edə bilən 9 ölkədən biri olduğunu bildirən Akdoğan qeyd edib:"Hər sahədə əməkdaşlıq etdiyimiz dost və qardaş ölkə Azərbaycanla belə bir əməkdaşlığa imza atmaq çox vacibdir. Gələcəyin pandemiyalarına qarşı Türk millətləri olaraq hazır olduğumuzu göstərməkdən qürur duyuruq".
Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov bildirib ki, Türkiyə COVID-19 ilə mübarizədə Azərbaycana böyük dəstək verib.
Azərbaycanda 4 müxtəlif peyvəndin tətbiq edildiyini bildirən Həsənov, "Dost və qardaş Türkiyə öz peyvəndini istehsal edib və bu peyvənddən səmərəli istifadə edir. Bu gün TURKOVAC-ın Azərbaycanda 3-cü faza klinik sınaqlarına başlayırıq",-deyə qeyd edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları 3-cü doza olaraq TURKOVAC peyvəndini seçə biləcəklər. Peyvənd sınaqlarında 18-59 yaş arası vətəndaşlar iştirak edə bilər.
Bundan başqa sınağa qatılmaq istəyənlərin 2 doza peyvənd vurdurmuş olması, eləcə də peyvəndin 2-ci dozasından sonra ən az 90 və maksimum 270 gün keçməsi, daha əvvəl xəstəliyi keçirməməsi kimi kriteriyalar var.