"Azərbaycanın su ehtiyatlarının 80-90 faizi kənd təsərrüfatında suvarma zamanı istifadə olunur".

Açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev verib. 

O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi əsasən suvarılan əkin sahələri üzərində qurulub: "Ölkəmizdə yetişən məhsulların böyük əksəriyyəti suvarılan torpaqlardan əldə edilir. Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşır ki, bu problem ciddi risk təşkil edən məsələlərdəndir. Dövlət başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiya bu istiqamətdə ciddi işlər görür".

F.Tağıyevin sözlərinə görə, qonşu Türkiyədə bu məqsədlə yaradılmış 1674 nəfərdən ibarət Su Şurasının tərkibinə elm adamları və müxtəlif ictimai strukturların nümayəndələri də daxil edilib. “Bu addım elm və istehsalat arasında əlaqələrin daha da genişlənməsinə, səmərəli nəticələrin ortaya çıxmasına səbəb ola bilər”, - deyə bildirən şöbə müdiri bu təcrübənin Azərbaycanda da tətbiqinin zəruriliyini vurğulayıb.