"BMT-nin İnkişaf Proqramı 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar nəticəsində Azərbaycanda su təminatının 23 faiz azalacağını proqnozlaşdırır".

Elxeber.com xəbər verir ki, bu barədə açıqlamanı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova verib.

O bildirib ki, Beynəlxalq Təbii Resurslar İnstitutunun quraqlıqla üzləşəcək ölkələr haqqında tərtib etdiyi siyahıda Azərbaycanın 2040-cı ildə ilk 20 ölkənin sırasında olacağı bildirilib.

“Sudan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənaətedici texnologiyaları inteqrasiya etmək zəruridir”, - deyə qeyd edən İ.Hüseynova bölgənin iqliminin dərindən öyrənilməlisinin və daha düzgün planlama aparılmasının əhəmiyyətinə toxunub.

Akademik qeyd edib ki, sudan istifadənin səmərəliliyini və kənd təsərrüfatının məhsuldarlığını artırmaqla yanaşı, şirin su ehtiyatlarını toplamaq və təkrar istifadə etmək, eləcə də tullantı sularından istifadənin təhlükəsizliyini artırmaq üçün addımlar atılmalı, iqlim dəyişikliklərinə adaptiv kənd təsərrüfatı sistemlərinin qurulmasına çalışmalıyıq.