Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra, həmin ərazilərdə böyük bərpa-quruculuq işləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimləri də müəyyən olunmuş yerlərdə arxeoloji tədqiqat işləri aparırlar.

Elxeber.com xəbər verir ki, bu açıqlamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov verib.

O bildirib ki, Prezident İlham Əliyevin Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasının önündəki çıxışında “Azərbaycan alimləri dəvət edəcəkləri xarici ölkə alimləri ilə birgə qanuni tədqiqatlar aparacaqlar” deməsini əldə rəhbər tutan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları qeyd olunan ərazilərdə geniş arxeoloji tədqiqat işləri aparmağı planlaşdırır: "Rəhbərliyin icazəsi ilə Azıx mağarasında beynəlxalq ekspedisiyanın iştirakı gözlənilir. Arxeoloji qazıntıların Qarabağ ərazisində müstəqil şəkildə aparılması ərazilərin minadan tamamilə təmizlənməsindən sonra baş tutacaq".