Bundan sonra Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi yalnız müəllimlərin işə qəbul müsabiqəsi (MİQ) vasitəsilə həyata keçiriləcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov belə deyib.

Onun sözlərinə görə, bu dəyişikliyə səbəb qeyd olunan ərazilərdə müəllim sıxlığı və rəqabətin daha çox olmasıdır. Digər bölgələrdə isə yerdəyişmə açıq şəkildə, heç bir məhdudiyyət olmadan həyata keçiriləcək.

O bildirib ki, bu il də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur. Müəllimlərin yerdəyişmə müsabiqəsi iki mərhələdə keçiriləcək. Vakansiya seçiminin birinci mərhələsində şəhid, qazi ailələrinin üzvü olan və hazırda daimi əsaslarla müəllim işləyənlər üçün açıq elan olunacaq. Digər daimi əsaslarla müəllim işləyənlər isə ikinci mərhələdə seçim edə biləcək.