Müəllimlərin işə qəbul qaydalarında bəzi dəyişikliklər edilib və bu ildən tətbiq ediləcək. 

Elxeber.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

O qeyd edib ki, işə qəbul müsabiqəsində test imtahanı mərhələsində indiyə kimi verilən 90 dəqiqə 120 dəqiqəyə qaldırılıb.

Test imtahanında əvvəlki kimi 60 sual təqdim olunsa da, sualların cavablandırılmasına görə verilən ballar fərqli olacaq.  40 ixtisas sualının hər düzgün cavabına 2 bal veriləcək. 20 metodika sualının hər düzgün cavabı isə 1 balla qiymətləndiriləcək. 4 səhv cavab 1 düzgün cavabın nəticəsini aparacaq.

Yeni qaydanın tətbiqindən sonra namizədlər 100 bal toplaya biləcəklər. Nazirlik əməkdaşı bildirib ki, məqsəd namizədlərin eyni nəticəni toplamasının qarşısının alınması, yerləşdirmənin daha ədalətli aparılması ilə bağlıdır. 

E.Bağırov onu da qeyd edib ki, müəllimlərin işə qəbul müsabiqəsinin vakansiya seçimi iki mərhələdə olacaq. Birinci mərhələdə yalnız daimi əsaslarla müəllim kimi çalışan və şəhid ailəsi üzvü olan müəllimlər iştirak edə biləcəklər. Yalnız bu mərhələ bitdikdən sonra digər namizədlər üçün vakansiya seçimi mərhələsi açıq elan ediləcək.

Bundan başqa ucqar kəndlərdə müəllim kimi işləyənlərin fəaliyyətini stimullaşdırmaq üçün də bəzi yeniliklər var. Belə ki, bu ildən etibarın ucqar kəndlərdə 3 ildən çox fasiləsiz işləyən müəllimlərin işə qəbul müsabiqəsində topladıqları bal 1,05 əmsalına, 5 ildən daha artıq çalışan müəllimlərin topladıqları ballar isə 1,1 əmsalına vurularaq hesablanacaq.