Bakı şəhərində şam ağaclarının bir sıra növlərinin quruması dövlət qurumlarını, ictimaiyyəti və sakinləri ciddi narahat edir. Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib. Araşdırmalarla bağlı xüsusi olaraq Bakıya dəvət edilən BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri paytaxtın bəzi ərazilərində araşdırmalar aparıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Elxeber.com-a verilən məlumata görə, qonaqlar BŞİH-in başçısı Eldar Əzizov tərəfindən qəbul edilib. Görüşdə aparılan araşdırmaların nəticələri, xəstəliyin aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aparıcı mütəxəssisi Şiroma Sathyapala araşdırmaların nəticələri barədə mətbuat nümayəndələrinə məlumat verib. Bildirib ki, bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb. O qeyd edib ki, Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikada olduğundan daha yaxşı vəziyyətdədir.

Şiroma Sathyapala bildirib ki, qlobal iqlim dəyişiklikləri ağaclara da təsir göstərib və problemin aradan qaldırılması üçün xəstə ağaclar dərhal çıxarılaraq utilizə edilməlidir.

Qeyd edək ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Bu günə kimi Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.