Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Elxeber.com xəbər verir ki, hadisə mayın 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Jurnalistin verdiyi məlumata görə, o, yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə müraciət edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.

Dünən axşam saatlarında polis jurnalistin evinə gələrək ondan izahat alıb.

Qeyd edək ki, A.Məmmədova son vaxtlar əsasən Tovuzda baş verən uşaq qətli ilə bağlı - “Nərmin işi” adlandırılan cinayətlə bağlı keçirilən məhkəmə proseslərindən yazır.