Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı başa çatıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.

Mayın 5-dən 8-dək davam edən Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. 400-dən çox nümayəndənin iştirak etdiyi festivalda Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlərlə təmsil olunub.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edilib. Bu konsepsiyaya əsasən, pavilyonlar da fərqli formatda quraşdırılıb. Hər pavilyon qonaqları həmin ölkəyə xas memarlıq üslubu, milli musiqi ilə salamlayıb, tanınmış əsərlərdən parçalar səhnələşdirilib. Tədbir zamanı hər bir ölkənin pavilyonunda həmin ölkələrin mədəniyyətlərinə aid xüsusi personajlar yer alıb, qonaqları maraqlı nömrələrlə əyləndiriblər. Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edilib, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.

Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilib.

Festival tədbir iştirakçılarının Azərbaycanın milli rəqsi olan “Yallı” sədaları altında rəqsi ilə yekunlaşıb.