İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2,6% artım qeydə alınıb.

Bu haqda Modern.az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

Ekspert iyun ayı ərzində daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı danışarkən söyləyib ki, ay ərzində təkrar mənzil bazarında bir kvadratmetrin maksimum qiyməti 4 375 manat, minimum qiyməti isə 700 manat olub.

Onun sözlərinə görə, ilkin mənzil bazarında may ayı ilə müqayisədə 6,91% artım qeydə alınıb:

“İyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin bir kvadmetrinin qiyməti 1,9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,72% enib. Mənzil kirayəsi bazarında orta qiymət 12 manat artaraq 767 manat olub. Bir kvadratmetrlə hesabladıqda isə qiymətlər 0,13% azalıb. Yəni 7,97%-dən 7,96%-ə enib. Torpaq bazarındakı qiymətlər ötən ayla müqayisədə 7,59% artıb. Kommersiya obyektləri bazarında may ayına nisbətən 3,99% artım qeydə alınıb. Obyektlərin icarəsi isə ötən ayla müqayisədə 6,85% artıb”.

N.İbrahimov qeyd edib ki, ən bahalı mənzillər Nərimanov, Səbail və Nəsimi rayonları üzrə qeydə alınıb:

“Şəhər üzrə bahalı mənzillərin orta qiyməti ay ərzində 3 079 manat təşkil edib, may ayı ilə müqayisədə isə 0,96% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bahalı mənzillərin qiyməti 4,34% artıb. Ucuz mənzillərdə orta qiymət 1 336 manat təşkil edir, əvvəlki aya nisbətən isə 0,16% azalma olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 1,14% artım olub.

Bir kvadratmetr üçün ən yüksək qiymət 7 000 manatdır, ondan yüksək qiymətə rast gəlinmir”.