İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib.
Elxeber.com xəbər verir ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib.
Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndən Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib.
Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür.
İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Köçürülən 41 ailədən hərəsinin bir üzvünə iş təklif olunub və təkliflər qəbul edilib. Təklifi qəbul etmiş şəxslər köçülmədən sonra iş yerlərində rəsmi şəkildə qeydiyyata alınıb fəaliyyətə başlayacaqlar. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar vardır.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.