Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.
Elxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, bu gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyidir. Bu gün Bakı şəhərinin ən gözəl yerlərindən birində Müslüm Maqomayevin abidəsi ucaldılıb. Biz bu mərasimə toplaşmışıq. Müslümü tanıyanlar, onu sevən insanlar bu gün birlikdə bu gözəl abidəni açacağıq.
Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.
Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub.
Bildiyiniz kimi, Müslüm Maqomayevin atası İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olanda Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü. Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq.
Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.
Tamara və Müslüm - onların hər ikisi böyük sənətkar, dünyaşöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.
Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz.
Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır.
Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.
“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.
Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır. Sağ olun.
x x x
Sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edib.
- İlham Heydər oğlu uzun illər boyu mənim qəlbimdə olan sözlərin hamısını tam dəqiqliklə dedi. Ümumiyyətlə, yəqin ki, Müslümü təkcə müğənni kimi deyil, əsasən bir insan kimi tanıyan bütün adamlar, zənnimcə, yüz faiz Sizinlə razılaşarlar. Onu qəlbinizdə yaşatdığınıza, Müslümün indi tanıya bilməyəcəyi bu gözəl şəhərin ab-havasında onu yaşatdığınıza görə çox sağ olun. Ruslarda belə bir deyim var: “Muraşki beqayut”, azərbaycanca “tüklərim biz-biz olur” deyirlər. Düz dedimmi? Bəli, Müslüm kifayət qədər soyuq Moskvadan sonra buraya gələndə bütün varlığı cuşa gəlir, burada həm mahnılar, həm də onun rəsm əsərləri yaranırdı.
Yəqin bilirsiniz, o, öz rəsm əsərlərindən birini Heydər Əliyevə hədiyyə etmişdi. Heydər Əliyevin verdiyi qiymət çox xoş idi. O, təəccüblənmişdi, ona görə ki, Müslümün həm də şəkil çəkdiyini gözləmirdi. Demək istəyirəm, Sizin sözləriniz məndə belə bir fikir oyatdı ki, vaxtilə “Mavi əbədiyyət” mahnısını yazmaqla o, praktiki olaraq həmin əbədiyyətə qovuşdu və tale onu “Əlvida, Bakı” mahnısı ilə əbədiyyətə qovuşdurdu. Bu mahnıda o, musiqi dili ilə ürəyini boşaldıb, Sergey Aleksandroviç Yesenin isə bu hissləri sözlərlə ifadə edib və iki poetik qəlb birləşib. Buna görə çox sağ olun ki, onu xatırlayırsınız, sevirsiniz, ehtiram bəsləyirsiniz, böyüməkdə olan nəsli də bu ruhda tərbiyə edirsiniz. Siz çox düzgün qeyd etdiniz ki, Müslümün əlçatmaz zirvə olmasını nəzərə alaraq, ondan özünü necə aparmağı, səhnədə necə hərəkət etməyi, dostlarla necə ünsiyyət saxlamağı öyrənmək olar. O, dostlarını heç vaxt unutmurdu, heç vaxt.
Bilmirəm, bəlkə məndə belə bir hiss olur ki, haqqında danışdığımız insan, xüsusən dünyasını dəyişənlər həmişə yanımızdadırlar. Müslüm həmişə, hər halda mənim üçün belədir. Burada Heydər Əlirza oğlu da, Zərifə Əziz qızı da var, praktiki olaraq həyatımızı bir yerdə keçirdiyimiz insanların hamısı buradadır. Düşünürəm ki, bu gün həm dünyasını dəyişmiş dostlarımızı - Eldar Quliyevi, Tofiq Quliyevi, Tahir Salahovu, həm də bizi əhatə edən, həyatımızı bəzəyən, ona hərarət gətirən neçə-neçə dostlarımızı da xatırlayırıq. Bilirsiniz, mən dərindən təzim edən rus artisti deyiləm, amma Sizə təzim etmək istəyirəm. Çox sağ olun.
x x x
Kinorejissor, Xalq artisti Oqtay Mirqasımov da tədbirdə çıxış edib.
-Müslüm Azərbaycanın rəmzidir. Müslüm əbədi Azərbaycanın çox böyük bir təmsilçisi olacaq və hər kəs ondan danışanda daha ifadəli, daha dolğun, daha gur danışmaq istəyir. Amma mənim xatirələrim uşaqlıq dövründən başlayır. Yəqin ki, mən burada oturanların hamısından daha erkən vaxtlardan bu dahi insanı tanıyıram. Bizim bina, bizim məhəllə özündə çox böyük beyinlər, böyük istedadlar toplayırdı. Bu, özəl bir dünya idi və şeir, musiqi, elm, rəqs, səhnə ənənələrini özündə saxlayırdı. Məsələn, Bülbül bizim hamımızı, Müslümü də həmişə Opera Teatrında “Koroğlu” tamaşasına aparırdı və biz özümüzü çox xoşbəxt hiss edirdik.
Beləliklə, biz bir yandan bu dahi insanlara diqqət yetirirdik, digər tərəfdən dostumuz, yaşıdımız Müslümlə yaxınlıq edirdik. Hansısa bir anda biz, - yəni, mən özüm üçün bunu deyirəm, - birdən onun dahi olduğunu özümüz üçün təsdiqlədik - kiçik yaşlı dahi. O, ansambl qurdu, dekor çəkdi, özünün vokal imkanlarını təsdiqlədi. O zamandan biz mədəniyyətə və sənətə daha yaxın olduq. Müslüm bizi buna gətirdi. Sonra Müslüm çox məşhurlaşdı. Biz o zamandan və əbədi olaraq Müslümlə fəxr edirik, bütün Azərbaycan fəxr edir. Bütün Azərbaycan dərk edir ki, Müslüm dünyada təkdir. Rusiyada çoxlu sənətkarlar var, amma Müslüm həmişə özəl bir insan olub. Mən heç bir zaman uşaqlıq dövrünü unutmuram və Müslümün bir pərəstişkarı kimi deyirəm, necə ki, Siz dediniz, cənab Prezident – “Salam, Müslüm”. Çox sağ olun.
x x x
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edib.
-Bu gün biz Bakının ən gözəl bir guşəsində, bakılıların çox sevdiyi bir yerdə yığışmışıq. Biz hamımızın qəlbində yaşayan Müslümün abidəsinin açılış mərasiminə yığışmışıq. Oktay deyir, onu uşaqlıqdan tanıyır, mən də onu uşaqlıqdan tanıyıram. Bizim həyətlərimiz üzbəüz idi, həm də atalarımız dostluq edirdi. Müslüm lap gənc vaxtlarından artıq fərqlənirdi. O, bizdən bir az böyük idi. Amma hələ məktəbdə oxuyanda o, qara kostyumda, notlarla konsertlərdə çıxış edirdi, yəni, öz həmyaşıdlarından tam fərqlənirdi. Doğrudan da Müslüm qeyri-adi bir insan idi. Onun istedadı çoxşaxəli idi. Yadımdadır, o, orta məktəbdə oxuyanda da rəsm əsərləri çəkərdi. Tamara xanım da dedi, Müslüm həm də gözəl rəssam idi. Hər dəfə Bakıya gələndə o, bir ay dəniz kənarında çalışırdı, doğum gününü ulu öndər Heydər Əliyevin evində keçirirdi. Bizim dahi Ulu Öndərimiz heç vaxt onu yaddan çıxarmırdı və mən deyərdim ki, Müslüm onun ərköyün bir övladı idi. Amma Müslüm də heç vaxt xətti keçmirdi, çünki çox mədəni və tərbiyəli bir insan idi.
Mən Müslüm haqqında çox danışa bilərəm. Fəxr edirəm ki, Müslüm Azərbaycanı dünyaya tanıtdırdı və mən fəxr edirəm ki, Müslüm bizim İttifaqın fəxri üzvü idi. Onun İttifaqa üzv qəbul olunduğu gün çox gözəl keçmişdi. Biz həqiqətən çox gözəl dost olmuşuq. Heyifsilənirik ki, Müslüm bu gün bizimlə burada deyil. Müslüm sənətin zirvəsində idi. O, sənətdən də əsl kişi kimi getmişdi. Mənim yadımdadır, onun bu hərəkəti məşhur rus sənətkarlarını heyrətləndirmişdi. Çünki hər sənətkar bunu edə bilmir. Müslüm çox iradəli bir insan idi, onun daxilində çox böyük güc var idi.
Mənim ürəyimdə Müslüm haqqında çox sözlər var. Cənab Prezident, mən Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Bu gün Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Siz heç vaxt ziyalıları unutmursunuz. Ona görə mən Sizə təşəkkürümü bildirirəm və Sizə uğurlar arzulayıram.
x x X
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.
-Bu gün doğrudan da möhtəşəm bir gündür. Cənab Prezident çox romantik stildə çıxış etdi. Sizdən sonra danışmaq çətindir.
Mən Müslümün dostu kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Təkcə Müslümə görə yox, son zamanlar Qara Qarayevin heykəli, Niyazinin heykəli, Rəşid Behbudovun heykəli, Bülbülün heykəli açılıb. Bütün bu açılışlarda Siz bilavasitə özünüz iştirak etmisiniz. Biz bu diqqəti hiss edirik və yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident. Çünki bu böyük insanlar Azərbaycanı bütün dünyada tanıdıblar.
Müslüm bir dost kimi, - Fərhad düz dedi, - çox etibarlı idi. Baxmayaraq ki, Ulu Öndər ona çox yaxın idi, həmişə onu oğul kimi qəbul edirdi, Müslüm heç vaxt bundan istifadə etmirdi, heç vaxt. Son dərəcə təvazökar insan idi.
Mənim ürəyimdə bir kədər hissi var. Heydər Əliyev Fondu keçən il Cıdır düzündə möhtəşəm bir konsert təşkil etmişdi. Fürsətdən istifadə edib bu Fonda dərin minnətdarlığımı bildirmək istərdim. Orada konsert Müslümün “Azərbaycan” mahnısı ilə bitdi. Heyf ki, Müslüm bu günü görmədi. Müslüm görmədi ki, Qarabağ azaddır, Şuşa azaddır. Bax, buna görə bir az kədərliyəm. Amma düz deyirlər, yəqin ki, Müslümün ruhu şaddır. Onun “Azərbaycan”ı bütün konsertlərdə bizim vokalçılarımız tərəfindən ifa olunur. Mən çox şadam ki, Müslümün vokal məktəbi davam edir. Müslüm buna çox sevinərdi, onun böyük ürəyi var idi.
Mən Sizə dərin minnətdarlığımı bildirirəm, hamınızı təbrik edirəm.
x x x
Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsi üzərindəki örtüyü götürüb.
x x x
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.