Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərar qəbul edilib.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
Nazir Türkiyə dövləti tərəfindən İsrailin Təl-Əviv şəhərinə səfir təyin ediləcəyi ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb.
İsraildə yeni hökumətin qurulması və İsxak Hersoqun Prezident seçilməsindən sonra Türkiyə ilə bu ölkə arasında dialoqun başladığını xatırladan M.Çavuşoğlu prosesin iki ölkə arasında qarşılıqlı diplomatik səfərlərlə davam etdirildiyini deyib.
İki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığını qeyd edən nazir sentyabrda qarışıq iqtisadi komissiyanın iclasının keçiriləcəyini də qeyd edib.
Münasibətlərin normallaşması üçün atılacaq addımlar arasında yenidən qarşılıqlı səfir təyinatının da olduğunu vurğulayan M.Çavuşoğlu yaxın zamanda bu prosesin rəsmi şəkildə davam etdiriləcəyini vurğulayıb.