Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Elxeber.com xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır.

Qeyd olunub ki, süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur: "Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək".