Baş nazir Əli Əsədovun sədrliyi ilə iyulun 3-də son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Elxeber.com-a verilən məlumata görə, müşavirəni açan Baş nazir Ə.Əsədov ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkəmizin bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağıntıların miqdarının artdığını, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib.

Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.

Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, həmçinin əkin sahələrinə və fermer təsərrüfatlarına, eyni zamanda, digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.