Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ukraynadakı münaqişə zonalarından olan 700 min uşağın Rusiyada olduğunu bildirib.

O, sosial media hesabında Kiyev rəhbərliyinin uşaqlarla bağlı "problem yaratmağa" cəhd göstərdiyini irəli sürüb.

Karasin deyib ki, Rusiya bəzi Avropa ölkələrindən fərqli olaraq uşaqlara qayğı və isti münasibət bəsləyir: "Son illərdə Ukraynadakı münaqişə zonalarından qaçan 700 min uşaq ölkəmizə sığınıb. Çoxları ailələri ilə, uşaq evindəki uşaqlar isə müəllimləri ilə gəlib".

Qeyd edək ki, Ukrayna Rusiya qüvvələrini Luqansk və Donetsk vilayətlərindən ukraynalı uşaqları qaçırmaqda ittiham edir.

Uşaqları tapmaq və xilas etmək məqsədilə yaradılan Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin portalının məlumatına görə, müharibənin başladığı 24 fevral 2022-ci il tarixindən indiyədək 19 492 ukraynalı uşaq qanunsuz olaraq deportasiya edilib.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların sayı 19 mindən çox ola bilər, çünki Rusiyanın nəzarətində olan Ukrayna ərazisində ən azı 200 min uşaq var.

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya-Ukrayna müharibəsi zamanı ukraynalı uşaqların Rusiyaya qaçırılması ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verildiyini açıqlayıb.

Açıqlamada hər iki şübhəlinin ukraynalı uşaqların qanunsuz yollarla Rusiyaya aparılması cinayətində iştirak etdiyi və Putinin nəzarətində olan şəxslərin bu cinayəti törətməsinə mane olmadığına görə məsuliyyət daşıdığı bildirilib.

"TRTHaber"