Bir yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlarda müəyyən problemlər yarada bilər.

Elxeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Tərlan Əyyubov danışıb.
Həkim bildirib ki, körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır: “Ana südünün və ya süni qidanın demək olar ki, təqribən 90%-i sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu nöqteyi nəzərdən də Ümumdünya Səhiyyə Təşkilatı istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür”.
T.Əyyubovun sözlərinə görə, altı aydan bir yaşadək uşaqlara isə az-az olmaqla gün ərzində 60-100 ml su verilə bilər: “Suyun qidalardan əvvəl yox, sonra verilməsi məsləhətdir.
Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq, nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək. Böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya körpənin inkişafı ləngiyər”.