Elxeber.com “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin yazısını təqdim edir.

Azərbaycan dilində sözün leksik mənasının öyrənilməsi baxımından sait səs düşümlərinin öyrənilməsi, sözün ilkin ifadə etdiyi mənanın qavranılması mühüm əhəmiyyət kəsb edir. Dilimizdə sait səs düşümləri xüsusi qanunauyğunluq kimi əsasən qoşasamitli sözlər daxilində təhlil olunur. Sözlər tarixən deyildiyi kimi də yazılıb. Məsələn “xaloğlu”, “dayoğlu” və sair sözlərin mənasını biz sait səs düşümünə görə təyin edir, sait səs düşümlərini nəzərə alaraq bu sözləri “dayı oğlu” “xala oğlu” kimi qavrayırıq. Yəni bu sözləri “xal”, “day” kimi fərqi məna kəsb edən sözlərlə bağlamırıq. Dilimizdə qoşasamitli olmayan sözlərdə də sait səs düşümü mümkündür. Məs “xanəgah” sözü tarixən “xangah” kimi işlənib. “Dərviş xangaha getdi” cümləsində “xangah” sözü “xanəgah” deməkdir. Yaxud “Hökmdarın bargahı” cümləsində “bargah” deyərkən nəzərdə tutulan məna “barı+gah”, yəni “barı- divarla əhatələnmiş, qorunaqlı yer” deməkdir. Tədqiqatlar göstərir ki, “xangah” sözü kimi “dərgah” və “dərviş” sözləri də dilin tələbi ilə sait səs düşümləri ilə yazılıb. Belə ki, “dərgah” sözünü biz sait səs artımı ilə ifadə edərkən bu sözün “ dəri+gah” kimi “dəri saxlanan yer” mənasını ifadə etdiyini görürük. Bu isə orta əsrlərdə dərvişlərin, sufi şeyxlərinin yaşayış yeri olmuş dərgahların adlarına da aydınlıq gətirir. Dərgahlar orta əsrlərdə sufilərin yaşayış yeri olub. Dərgahlarda bir qayda olaraq dəri saxlanılıb, dərvişlər və şeyxlər zikir zamanı bu dərilər üzərində əyləşiblər. Farsca “post” adlanan bu dərilər rəmzi məna kəsb edib, zikr zamanı şeyxin üzərində oturduğu dəri ilə dərvişlərin uzərində oturduqları dərilər rənginə görə də fərqlənib. Şeyx və dərviş bir qayda olaraq zikr zamanı dəridən başqa bir əşyanın üzərində oturmazdı. Şeyxin icazəsi olmadan onun dərisinin üzərində başqa bir dərvişin oturması ədəbsizlik kimi qəbul edilib. Ancaq şeyxin icazəsi ilə, zərurət daxilində, hal-vəziyyətdən asılı olaraq dərviş şeyxin dərisi üzərində əyləşib. Dəri üzərində əyləşmək “dəri dili”ni ifadə edən rəmzi məna ola bilər. Qədim dovrlərdə və orta əsrlərdə kitabların dəridən tərtib edilməsi, dini və fəlsəfi məna kəsb edən mətnlərin rəmz və işarələrlə əsasən dəri üzərinə yazılması onu düşünməyə əsas verir ki, tarixən dəri dili adlanan dil “rəmz və işarələr dili” mənasını ifadə etmişdir. Dərvişlərin zikr zamanı bir qayda olaraq dəri üzərində oturması isə “rəmzlər və işarələrlə yazılmış dini və fəlsəfi mətnlərin sirrinə sahib” mənasını ifadə edib. Yəni hökmdarın taxt üzərində əyləşməyi “hakimiyyətə sahib olan”, yaxud “hakimiyyətin sahibiyəm” mənasını ifadə etmişdirsə dərvişin də dəri üzərində əyləşməyi “rəmz və işarələr dilinə sahib olan”, yaxud “rəmz və işarələrlə yazılmış dini və fəlsəfi mətnlərə vaqifəm, bu elmin sahibiyəm” kimi bir mənanı ifadə edib. Ümumiyyətlə Azərbaycan tarixinin düzdün təhlillərlə öyrənilməsi baxımından “dərgah” sözü öyrənilməsi zəruru sözlərdən biridir. Yəni “Allah qapısı” mənasını ifadə edən “dərgah” farsca “dər” sözü və -gah şəkilçisindən, sufilərin yaşayış yeri olan dərgah isə milli mənşəli “dəri” və fars mənşəli - gah şəkilçisindən yaranan sözlərdir. Bəhs edilən qaydada “dər” sözü “viş” sözü ilə sait səs düşümü nəzərə alınmadan fars dilində “ qapıqapı gəzən”, sait səs düşümü nəzərə alındığı halda milli mənşəli “dəri” sözü ilə “ rəmz və işarələrlə dinifəlsəfi mətn söyləyərək gəzən adam” mənasını ifadə edir. Görünür “dəri dili” dövrünə gorə küfr sayılan, təhlükə doğuran fikirləri rəmzlərə ifadə etmək vasitəsi olub. Məlumdur ki, dərvişlər həm də özləri ilə müxtəlif mənalar ifadə edən əşyalar gəzdiriblər. Təriqətindən, yaxud dünyagörüşündən asılı olaraq onların özləri ilə gəzdirdikləri təbərzin, kəşkül, ayna, əsa kimi əşyalar rəmzi məna kəsb edib. Dərvişin əbasına yamaq vurulması, yaxud onun geyim tərzi müxtəlif mənaları və rəmzləri ifadə edib ki, bu da onun adının ifadə etdiyi məna ilə əlaqədar ola bilər. Belə bir fikrə gəlmək olur ki, Azərbaycan xalqının şair mütəfəkkirlərindən İ.Nəsiminin edam edilərkən dərisinin soyulması heç də təsadüfən qəbul edilən qərar olmayıb. Görünür bu, dəhşətli cəza tədbiri kimi rəmz və işarələrlə dəri dilindən anlayan dərvişlər üçün “ibrəti-aləm dərsi” və dərviş şairin “sirrinin faş olması” mənasını ifadə edib. Azərbaycan dili dünyanın ən qədim və zəngin dilləri sırasındadır. Azərbaycan tarixində baş verən hadisələr bu dilin imkanları nəzərə alınmaqla öyrənilməlidir. Ancaq bu yolla Azərbaycan tarixinə dair hadisələri aydınlıqla öyrənmək mümkündür. Tariximizin düzgün təhlillərlə öyrənilməsi və gələcək nəsillərə miras qoyulması isə zəruri məsələlərdən biridir.