Bu gün dünyanın bir çox ölkələrində qeyd olunan bayramlardan biri-8 Mart Beynəlxalq Qadınlar Günüdür.

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Beynəlxalq Qadınlar Gününün bayram edilməsi alman siyasətçi, qadın hüquqlarının müdafiəçisi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi.

Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ kimi ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənənə halını alıb. 

Bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirdilər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Qeyd edək ki, 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə bayram kimi qeyd olunur və həmin tarix qeyri-iş günüdür. 

Tarixən Azərbaycan cəmiyyətində həmişə qadının xüsusi yeri və rolu olub. Azərbaycan qadınları əsrlər boyu milli-mənəvi dəyərləri, mental xü­susiy­yətləri qo­ru­yub saxlayaraq ləyaqət və müdriklik etalonuna çevriliblər. Güclü əqidəyə malik Azər­baycan xanımları özlərinin dərin zəkası, Vətənə məhəbbəti, tü­kən­məz istedadı ilə bu gün Azərbaycan xalqının ictimai-mədəni həyatında fəal iş­ti­rak edir, xalqa və cəmiyyətə xidmət göstərirlər. İndi Azər­bay­can qa­dını elm, təhsil, səhiyyə, mə­də­niy­yət, dövlət idarəçiliyi, sahibkarlıq sahəsində öz uğur­ları ilə müstəqil Azər­bay­ca­nın inkişafına qiy­mətli töhfələr verir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, cansağlığı, xoşbəxtlik, firavan həyat arzulayırıq.