Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Tədqiqatçıların ilaxır çərşənbələrin üçüncüsü hesab etdikləri Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. 

Xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə”, “küləkli çər­şənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınan yel çərşənbəsi”nin özünəməxsus adətləri var. Professor Azad Nəbiyev yazır: “Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir.

Əski etiqadlara görə, torpaq altda – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel – ağ libasda, Qara yel – qara libasda, Xəzri – göy libasda, Gilavar – qırmızı libasda təsəvvür edilir”.

Xalqımızın yelə inancını əks etdirən bir sıra folklor örnək­ləri var. Hətta soydaşlarımızın yaşadığı Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi kəndi yaxınlığında Yel dağı adlı ziyarətgah da var. Müqəddəs sayılan Yel dağına ürəklərində arzu, dilək tutub, nəzir-niyaz edir, qurban gətirib kəsirlər. Yaxın ərazidə yaşayan qonşu xalqların əhalisindən də (yunanlar, gürcü­lər, ermənilər) bura etiqad edib, iman gətirənlər olur. Yel dağı (insaniləşmiş Yel baba obrazı) nəzirini, qurbanını qəbul edən şəxsin xeyir tapıb arzusuna yetəcəyinə inanılır. Yel dağına nəzir gətirilməsi, qurban deyilməsi, and içilməsi özü bir daha təsdiq edir ki, xalqımızın yelin, küləyin (havanın) yaradıcı gücünə, ilahi bəxşedicilik missiyasına inamı mifik çağlardan qaynaqlanır.

Yel çərşənbəsi ilə bağlı müxtəlif inanclar var.

Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsinin xalq təfəkküründəki canlandırılmış obrazı olan Yel baba xalqımızın arzu-diləklərini, niyyətlərini öz nəfəsi ilə – ilıq mehi, xoş havası ilə cana gətirib, əməli cəhətdən həyata keçirən gücün təmsilçisidir.
Dörd yaradıcı ünsürdən biri olan havanın dirilik, yeni həyatın başlanğıcı rəmzi kimi xalqımızın təfəkküründə mərasimi aktı Yel çərşənbəsinin ayin və rituallarında özünü göstərir. Yel, külək, nəfəs bir ünsür olaraq gözəgörünməyən mücərrəd varlıqdır. Bu gözəgörünməzlik əlaməti havanı birbaşa ruh anlayışı ilə bir müstəviyə gətirir. 

Çərşənbələrin hamısında olduğu kimi, Yel çərşənbəsində də adət-ənənə kimi qapı-bacaların açıq olması həm özümüzün özümüzlə, həm də özümüzün – dirilər dünyasının ruhlar dünyasına təmas xəttinə girmə imkanını simvolizə edir. Ruhların qapı-bacada gəzib-dolaşması və xeyir-dualarının üstümüzdə olması kimi düşüncəsini özündə ehtiva edir.

Yelin müqəddəsliyi təkcə Azərbaycan xalqının, Türk xalqlarının dünyagö­rüşündə əks olunmayıb, digər dünya ölkələrində də rast gəlinir. 

Tədqiqatçı Kəmalə Osmanovanın «Xalq mərasimləri və nəğmələri» kita­bında verilmiş «Fatı qarının örkəni» adlı mifik məzmunlu mətn nümunə­sində Yel ruhunun təcəssümçüsü kimi çıxış edən Yel baba obrazına rast gəlirik:

Deyirlər bir gün Fatı qarı yeddi rəngli ip əyirmişdi. Hərəsini bir dolaba dolayıb yığmışdı dizinin altına. Axırıncı dolab birdən Fatı qarının dizinin altın­dan qaçdı, diyirlənib getdi düşdü kənara. Qarı nənə qəzəbləndi; - Azarım-be­zarım dəymiş Yel baba genə haradan gəlib çıxdı? – deyə deyinməyə başladı. Fatı qarı söyüşü elədi yeddimərtəbəli.

Yel baba Fatı qarını ipləri ilə birlikdə qanadına aldı, apardı saldı üfüqə. Fatı qarı nə qədər yalvardı-yaxardı, Yel baba onu yerə endirmədi.

Hər dəfə yağış yağandan sonra Fatı qarının yeddi rəngli qurşağı göydə parıldayır. Fatı qarı belindən ox-yayını açıb Yel babanı vurmaq istəyir. Ancaq qarı yayın ağzını düz tuta bilmir. Gah aşağı tutur, gah da yuxarı. Yel baba da gülə-gülə qaçıb Fatı qarının dolablarını göyün yeddi qatına dolayır.

Onu da deyirlər ki, Fatı qarı yayın ağzını göyə tutanda bolluq olur, yerə tutanda qıtlıq.

Mətndə 7 rəngli göy qurşağının yaranmasının mifoloji izahı verilib. Mifoloji təqdimatdan öyrənirik ki, vaxtilə bu, insanın (Fatı qarının) dizinin altında imiş. Bəs necə olub ki, bu naxış-naxış ilmələr – ip dolabı əldən çıxıb? İnsan övladının tabunu pozması – «Azarım-bezarım dəymiş» deyib yeddi qat söyüşlə Yel babanı – Yel ruhunu acıqlandırması onun qəzəbinə səbəb olub. Nəticədə insanın varı-dövləti (Fatı qarının ip dolabları) əlindən çıxıb göyə çəkilib. Sonrakı peşmançılıq (Fatı qarının yalvarıb-yaxarması) isə fayda verməz deyiblər. «Yel babanın gülə-gülə Fatı qarının dolablarını göyün yeddi qatına dolaması» da var-dövlətə güvənən adama (Fatı qarıya) gülə-gülə etirazın ifadəsidir. Fatı qarının Yel babaya tuşlayıb onu vurmaq istədiyi yayın ağ­zını göyə tutmaqla bolluq, yerə tutmaqla qıtlıq olması isə toxluğu da, aclığı da Yel babanın timsalında Allahın yaratmağına işarədir. Ancaq bolluğa da, qıtlığa da sə­bəbkar – bais olmaq insanın könül dünyasının zənginliyi və ya yoxsulluğu ilə əlaqədardır. Könül dünyası isə insanın mənən yüksəlişi zamanı Tanrıya (Yel ba­baya) şükranlıq etməsi zəminində bolluğa rəvac verdiyi kimi, insanın darqursaq­lıq göstərib tanrını (Yel babanı) qarğıması – söyməsi müqabilində isə qıtlığa – var-dövlətin (ip kələfinin timsalında) əldən çıxmasına səbəb olur. Deməli, Yel baba­nın təmsilçisi olan hava stixiyası yaradıcı ünsür kimi xaosa da, kosmosa da xidmət göstərə bilər. Bu isə insanların arzu-əməllərinin ifadəsindən asılıdır. İlaxır çərşənbələrin, eləcə də Yel çərşənbəsinin mərasim mahiyyəti də ona xidmət edir ki, insanlar bu ayin və rituallar zamanı Tanrının (Yel babasının, Yel ruhunun) könlünə xoş gedə biləcək ritmik hərəkətlərlə Tanrının mükafatını qazanıb, Yel ba­banın ruhunu – hava stixiyasını kosmik yaradıcılıq istiqamətinə yönləndirirlər. Əks halda yaradıcı gücü dağıdıcı istiqamətə çevirib xaotik durumla üzləşməklə təhlükəyə düçar ola bilərlər.

Yel çərşənbəsinin əsas ünsürü olan Yel – hava, nəfəs bizi mənəvi cəhətdən sağlam ab-havaya, köklənməyə, saf ruha yiyələnməyə çağırışdır. Çünki Yel özü ruhun ifadəsidir. Digər çərçənbələrdə olduğu kimi Yel çərşənbəsinin də insan ruhunun təmizlənməsində rolu ön plana çıxarılır.

Çərşənbəmiz mübarək olsun.