ABŞ Qida və Dərman İdarəsi istehlakçılara Aldi, Kroger, Safavey, Sprouts Farmers Market, Trader Joes, Walmart və digər böyük böyük ərzaq mağazalarında satılan FreshKampo və HEB çiyələk markalarını yeməmələri barədə xəbərdarlıq edib.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi 5 mart 2022-ci il və 25 aprel 2022-ci il tarixləri arasında alınmış FreshKampo və HEB markalı təzə orqanik çiyələklərin Hepatit A virusunun yayılma səbəbi ola biləcəyi göstərilib.

Buna görə də ABŞ Qida və Dərman İdarəsi, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, Kanada İctimai Səhiyyə qurumu və Kanada Qida Müfəttişliyi Agentliyi əyalət və yerli tərəfdaşlarla birlikdə infeksiyaları araşdırır.

Kaliforniya, Minnesota və Kanadada ortaya çıxan Hepatit A virusuna yoluxma hallarının orqanik çiyələk markalarını alanlarda ortaya çıxdığı bildirilib.

Qeyd olunub ki, ABŞ-da adı şəkilən virusa cəmi 17 yoluxma olub. 12 nəfəri xəstəxanaya yerləşdirilib.

Çiyələklərin satışı başa çatsa da, qurum meyvəni alıb dondurucuda saxlayanlara məhsulu zibil qutusuna atmaları ilə bağlı xəbərdarlıq edib.