Unun və paralel olaraq çörəyin qiymətində artım nə qədər olacaq? Əhali arasında mövzu ilə bağlı narahatlıq var. Hazırda çörəyin qiymətində birbaşa artım müşahidə olunmasa da, çəkini azaldan müəssisələr az deyil.  Əhali arasında bu günə kimi 26 manata satılan 50 kq-lıq un kisəsinin qiymətinin 36 manata qədər artacağı ilə bağlı söhbətlər dolaşır. Əsas problem odur ki, çörək istehsalçıları un ala bilmir, yaxud un ehtiyatını "dar" günə saxlayır. Məsələn, bəzi çörəkbişirmə müəssisələri artıq bir neçə gündür ki, bişirdikləri çörəyin sayını azaldıb. Əldə etdiyimiz məlumata görə, onlar arasında  2-3 gündür ki, axşam saatlarında çörək bişirməyənlər var. Bu vəziyyət təbii olaraq, əhali arasında narahatlığa-təşvişə səbəb olur. 

Azərbaycan dünya ölkələri arasında admbaşına ən çox çörək istifadə edən ölkələrdən biridir. Məsələn Dövlət Statistika Komitəsinin 2020-ci ilə olan məlumatına görə, ölkədə il ərzində adambaşına 134, 9 kiloqram çörək və çörək məhsulları istehlak olunub. 

Unun və çörəyin qiymətində olan artımlar nə ilə bağlıdr? Ən vacib sual-artımın qarşısını necə almaq olar? Məsələ ilə bağlı Elxeber.com-un suallarını iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov cavablandırıb. 

Azərbaycanda taxıla olan təlabatın bir hissəsinin idxal hesabına ödəndiyini xatırladan iqtisadçı bildirib ki, 2021-ci ilin 11 ayında Azərbaycan bir milyon tondan artıq buğda idxal edib ki, bu da buğda idxalı üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi deməkdir: “2020-ci ilin 11 ayında   1,2 milyon ton buğda idxal olunmuşdu. Bu qədər məhsula 262 milyon dollar vəsait ödənmişdi. Rəqəmlərin müqayisəsi idxal qiymətlərində artımların olduğunu göstərir. Bu da daxili bazarda qiymət artımına səbəb olub”. 

O, Azərbaycanda hər bir ailədə gündəlik çörək istehlak olunduğunu və buna  görə də yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığın minimuma endirilməsinə ehtiyac olduğunu bildirib. Müsahibimiz bu yolla qiymət artımının qarşısını almağın mümkün olduğunu deyir. 

Millət vəkili  qiymət artımlarının qarşısının alınması və qiymətlərin optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif etdiklərini açıqlayıb: “Əvvala taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və buğda istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olar. Taxıl strateji əhəmiyyət daşıyır. Düzdür, taxıl istehsal edən fermerlər daha çox subsidiya alırlar. Amma yenə də subsidiyanın məbləğinə yenidən baxılmasına, istehsalın həcminə uyğun daha çox subsidiyanın verilməsi məqsədəuyğundur. Xüsuslə, keyfiyyətindən asılı olaraq daha çox buğda yetişdirənlərə artıq subsidiya verilə bilər. Bu, həm istehsalın genişlənməsinə, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artmının qarşısını almaqda kömək olar”.

İqtisadçı hesab edir ki, işğaldan azad olunan ərazilərimizin taxıl istehsalı baxımından çox böyük potensialı var (Füzuli, Ağdam kimi rayonların). Həmin rayonların işğaladək taxıl istehsalında aparıcı rayonlar olduğunu deyən V.Bayramov həmin rayonların yenidən aparıcı taxıl istehsalçısı sırasına cəlb edilməsini məqsəduyğun sayır: “Bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var. Mina problemi bu prosesin getməsinə əsas maneələrdən biridir. Ərazilərin minadan təmizlənməsi prosesinə uyğun olaraq həmin bölgələrdə taxıl əkilməsinə ehtiyac var. Belə ki, yerli istehsal hesabına taxıl fondunu genişləndirmək mümkün olsun”.