Mavrikidə hava limanının əməkdaşları “Mauritius Airlines” təyyarəsinin tualetinin zibil qutusundan yeni doğulmuş oğlan uşağı tapıblar.

Elxeber.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni dünyaya gətirən və onu zibil qutusuna qoymaqda şübhəli bilinən 20 yaşlı qadın saxlanılıb. 

Belə ki, Madaqaskardan gələn təyyarə  Mavrikidəki hava limanına enib.

Hava limanının əməkdaşları körpəni təyyarədə rutin gömrük yoxlaması apararkən tapıblar.

Körpə ilkin tibbi yardım üçün dərhal xəstəxanaya çatdırılıb.

Uşağın anası olduğu düşünülən qadın əvvəlcə körpənin ona aid olduğunu qəbul etməsə də, həkim müayinəsindən sonra onun yeni doğuş keçirdiyi məlum olub.

Qadın xəstəxanada polis nəzarəti altında saxlanılır.

Körpənin, həm də ananın səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd olunub ki, Madaqaskar vətəndaşı olan və iki illik iş icazəsi ilə Mavrikiyaya gələn qadın xəstəxanada müalicəsi başa çatdıqdan sonra ifadə verəcək və yeni doğulan körpəni tərk etdiyi üçün məhkəməyə çıxarılacaq.