Geni modifikasiya olunmuş donuz ürəyinin köçürüldüyü ilk insan əməliyyatdan iki ay sonra ABŞ-da vəfat edib. Bu barədə Merilend ştatı universitetinin tibb mərkəzi məlumat yayıb.
Məlumatda sağalmaz ürək xəstəliyi olan 57 yaşlı Devid Bennetin martın 8-də axşam öldüyü bildirilir. O, tarixə geni modifikasiya edilmiş donuz ürəyinin köçürüldüyü ilk insan kimi daxil olub.
Tibb mərkəzinin məlumatında qeyd edilib ki, Bennetin səhhəti martın 8-dən bir neçə gün əvvəl pisləşməyə başlayıb. Həkimlər onun ölümünün dəqiq səbəbini açıqlamayıblar.
Bennet ağır ürək xəstəliyindən əziyyət çəkirdi. Daha əvvəl ona ABŞ-ın bir neçə aparıcı transplantasiya mərkəzi ənənəvi əməliyyat aparmaqdan imtina etmişdi. Eksperimental prosedur onun son yaşamaq şansı idi. Ürək köçürülmə əməliyyatı bu il yanvarın 7-də aparılıb.
ABŞ hökumətinin məlumatında görə, hazırda təqribən 110 min amerikalı orqan köçürülməsinə növbə tutub. Hər il onlardan təqribən 6 min pasiyent növbəsi çatmamış dünyasını dəyişir.
Heyvan orqanlarının insana köçürülməsi dünyada geniş öyrənilir. Ksenotransplantasiya minlərlə insan həyatını potensial xilas edə bilər, lakin bu prosedurda risk halları, o cümlədən köçürülmüş toxumadan imtina ediləcəyi və ölümlə nəticələnəcək risk də var.