Avqustun 4-də Azərbaycanın Böyük Britaniyanın paytaxtı Londonda yerləşən səfirliyinə hücum olub. Sosial mediada yayılan videogörüntülərdə bir neçə naməlum şəxsin Londonda Azərbaycan səfirliyinin yerləşdiyi binanın eyvanına çıxdığı və şüarlar səsləndirdiyi, pəncərə və divarlarda ərəbcə yazılar yazıldığı və plakatlar asıldığı görünür. Videokadrlarda bir kişinin eyvanda sancılan Azərbaycan bayrağını çıxarıb, yerinə ərəbcə sözlər yazılmış mavi bayraq asdığı da görünür.

Britaniyanın “Metro” qəzeti səfirliyə hücum edən şəxslərin “Mehdinin Nökərləri” Birliyinin üzvləri olduğunu yazıb. Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin Nökərləri” Birliyinin saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan “müsəlmanları birləşdirirlər”.

“Onlar buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla” hazırlaşırlar”, - deyə saytda vurğulanıb.
Birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimeyi-Zəhra haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmdə təhriflərə yer verildiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb etmişdi. Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshiredə məscid idarə edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) hadisə ilə bağlı yaydığı açıqlamada bildirilir ki, səfirliyin binasına daxil olmağı bacaran radikal dini dəstə üzvləri vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər: "Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır".

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov isə hadisəyə özünün “Twitter” hesabında münasibət bildirib: “Londonda olan Azərbaycan diplomatları öz işlərinə davam edirlər”.
Diplomat radikalların Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumunun qəbuledilməz olduğunu bildirib və hadisəni barbarlıq adlandırıb: “Bu, diplomatik müəssisələrin toxunulmazlığı prinsipini birbaşa pozub”.

O, hazırda Bakıda olduğunu qeyd edib. Əlavə edib ki, vətəndaşların, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi diplomatik qurumun əsas prioritetidir: “Hazırda Londonda olan Azərbaycan diplomatları hətta təzyiq və təhlükə şəraitində də öz işlərini davam etdirirlər”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, hazırda Londonda yaşayan Qubad İbadoğlu hadisə barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, baş verən hadisədə çox açıq mesaj var:

- Hadisəni diqqətlə izləsək, görərik ki, əsas motiv və hədəf ondan ibarətdir ki, bayrağı dəyişsinlər. Buna zorən və müvəqqəti nail ola bildilər. Azərbaycanın bayrağını çıxarıb özlərinə aid bayrağı sancmaqla demək istəyirlər ki, ölkə hakimiyyətini hədəf götürüblər. Mesaj verirlər ki, hakimiyyəti dəyişə bilərlər. Eyni zamanda, səfirliyin qarşısında ölkə rəhbərlərinin portretlərinin sındırılması ilə də hakimiyyətə mesaj verdilər. Həmin qrup iddia edir ki, Azərbaycanda şiələr guya ki, repressiyalara məruz qalırlar. Buna etiraz etdiklərini də belə formada göstərirlər.

- Səfirlik işçilərinin radikallara müqavimət göstərməməsi barədə ittihamlar səslənir...

- Hadisə saat 16:30-da baş verib. Həmin saat iş vaxtının sonudur. Güman ki, səfirlik əməkdaşları həmin vaxt işdə olublar. Amma səfirliyin elə böyük personalı yoxdur ki, onların qarşısına çıxsın və radikal qrupa müqavimət göstərsin. Bir qrup eyvana çıxmışdı, daha böyük qrup isə səfirliyin qarşısında idi. Yəni ki, sayları çox idi. Bəzi adamlar müqavimətin niyə göstərilmədiyini sual edir. Hesab edirəm ki, qarşıdurmanın yaranması problemi həll etməyəcəkdi. Səfirlik işçilərini müqavimətsizlikdə ittiham edənlərlə razılaşmıram. Səfirlik işçiləri polisə məlumat veriblər. Orada polislər iki tipdir: Mühafizə polisidir ki, onlar silahsızdırlar. Silahı olmayan polislər adətən belə hadisələrə müdaxilə etmirlər. Onlar silahlı polislərə məlumat ötürürlər. Mən axşam saatlarında səfirliyin qarşısına getdim. Orada artıq silahlı polis dayanmışdı. Artıq məlumata görə, 8 nəfər London polisi tərəfindən saxlanılıb.

- Britaniyanın hüquq-mühafizə orqanlarının bunun qarşısını əvvəlcədən almaması da sual yaradan haldır. Kəşfiyyat bundan məlumatsız olub, yoxsa məlumatlı olub, sadəcə qarşısını bilərəkdən almayıb?

- İngilis kəşfiyyatı güclüdür. Ola bilməz ki, belə radikal bir qrup burada mənzillənsin, fəaliyyət göstərsin, amma onların planı ilə, fəaliyyət istiqamətindən ingilis kəşfiyyatının məlumatı olmasın. Böyük ehtimalla, o qrupun arasında ingilis kəşfiyyatının nümayəndələri də var. Düşünmürəm ki, belə bir aksiya gizli planlaşdırılıb, kəşfiyyat xidməti isə bundan xəbər tutmayıb. Kəşfiyyat xidmətinin niyə bunun qarşısını almaq üçün müdaxiləsi olmayıb, mən deyə bilmərəm. Ola bilər ki, hüquq-mühafizə orqanlarının belə bir vandalizmdən məlumatı olmayıb. Amma kəşfiyyatın məlumatsız olması mümkün deyil. Kəşfiyyat hüquq-mühafizə orqanlarını xəbərdar etməli idi ki, polis bunun qarşısını əvvəlcədən alsın. Bunu niyə etməyiblər, səbəbini deməkdə çətinlik çəkirəm.

- Səfir Elin Süleymanov bildirib ki, təzyiq və təhlükə altında səfirliyin fəaliyyəti davam edir. Diplomatın açıqlamasından belə başa düşülür ki, bu, davamlı ola bilər...

- Təbii ki, təhdidlər davam edəcək. Çünki bu qrup kifayət qədər güclüdür. Qrupun təxribatı Londonda da ola bilər, səfirlik işçilərinə qarşı da ola bilər, hətta Azərbaycanın özündə də ola bilər. Eyni zamanda, başqa şəhərlərdə də təxribatlar törədə bilərlər. Barbar aksiya genişlənə də bilər, çünki onlar başqa radikal qruplara da mesaj vermiş oldular ki, guya, şiə müsəlmanların hüquqları pozulur. Azərbaycanın radikal qruplar tərəfindən hədəfə götürülməsi ehtimalı var. Ona görə də hesab edirəm ki, Azərbaycanın bütün ölkələrdəki səfirliklərinin mühafizəsi gücləndirilməlidir. Eyni zamanda, dövlət orqanlarının rəhbərlikləri xaricə səfərlərində diqqətli olmalı, bu məsələləri nəzərə almalıdırlar. Mümkündür ki, bu və buna bənzər hadisələr təkrarlansın.

Ayna.az