Əfqanıstanın Xost vilayətində 6 bal gücündə zəlzələ baş verib.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk təsbitlərə görə zəlzələdə 280 nəfər həyatını itirib. 

ABŞ Geoloji Xidməti Əfqanıstanda baş verən zəlzələnin maqnitudasını əvvəlcə 6,1, sonra isə 6 bal olaraq yeniləyib.

Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib.

Yerli vaxtla saat 01:24-də baş verən zəlzələ paytaxt Kabil də daxil olmaqla əhalinin sıx yaşadığı şəhərlərdə güclü hiss olunub.

Zəlzələ Pakistanın paytaxtı İslamabad və Pişəvər kimi sərhədə yaxın əsas şəhərlərində də hiss olunub. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.

Qeyd edək ki, yanvar ayında Əfqanıstanın Badgis əyalətində 5,3 bal gücündə zəlzələ baş vermiş və 26 nəfər həyatını itirmişdi.