İyunun 21-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2022-ci il üzrə məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Elxeber.com xəbər verir ki, tədbirdə Milli Müdafiə Universitetinin və hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Həmçinin gənc zabitləri yaxınlaşmaqda olan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Vurğulanıb ki, Silahlı Qüvvələrimiz, həmçinin institut Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
General-leytenant Heydər Piriyev çıxışında son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb.
Gənc zabitlər də onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirənlərə diplomlar və hədiyyələr verilib.
Hərbi İnstitutun döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə rəmzlər vurulub.
Hərbi orkestrin və kursantların ifasında institutun marşı ifa edildikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.