Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında ehtiyacı olan ölkələrə pulsuz taxıl göndərmək barədə razılığa gəldiklərini bildirib.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Ərdoğan İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzində başlayan "MÜSİAD EXPO"-da (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) çıxışı zamanı deyib.

Dünyanın son 3 ildir yeni növ koronavirus (Covid-19) epidemiyası ilə başlayan və regional gərginliklə davam edən ağrılı bir proses yaşadığını vurğulayan Ərdoğan bildirib ki, biz hələ də dağıntıların təsirini hiss edirik:"Bir çox ölkələr, o cümlədən inkişaf etmiş ölkələr son illərin ən yüksək inflyasiyanın öhdəsindən gəlməyə çalışır. Ərzaq və enerji böhranı ilə bir çox ölkə bu yeni reallıq qarşısında problemlərlə üzləşir və acizdir. Bunu ən çox hiss edən Asiya və Afrikanın kövrək dövlətləridir”.

Afrikada bir tikə çörəyə çata bilmədiyi üçün dünyasını dəyişən hər uşağın ağrısının vicdanları qanatdığını dilə gətirən Ərdoğan  deyib ki, bu faciələrə son qoymaq üçün heç bir səy göstərilmir: "Ötən gecə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə reallaşdırdığım telefon danışığında (İndoneziyanın Bali adasında keçiriləcək) G20-də proseslərlə bağlı nə edəcəyimizi gündəmə gətirək dedim. Bildirdim ki, biz bu taxılı, gübrəni inkişaf etmiş ölkələrə deyil, az inkişaf etmiş ölkələrə göndərək".

Putinlə telefon danışığında bu məsələnin də gündəmdə olduğunu bildirən Ərdoğan deyib ki, Putin taxılı Cibutiyə, Somaliyə, Sudana pulsuz göndərməyi təklif edib: "Bu fikirlə razılaşdıq, həmfikir olduq. Bu, atmalı olduğumuz addımdır. Noyabrın 13-14-də Putinlə Balidə görüşəcəyik və bu danışıqları orada aparacağıq. Afrikanın faydalanması üçün razılığa gəldik. Taxıl dəhlizindəki gəmilərin ilk növbədə təcili ehtiyacı olan Afrika ölkələrinə çatmasını təmin edəcəyik".