İranın Kərəc şəhərində rejim əleyhinə nümayişlər zamanı İnqilab Keşikçiləri Korpusuna bağlı milis gücünün (Besic) bir üzvü həyatını itirib, 5 polis isə yaralanıb.

İranda Azərbaycan türklərindən olan Hədis Nəcəfinin vəfatının 40-cı günü münasibəti ilə onun dəfn olunduğu Kərəçdəki Səkinə qəbiristanlığına toplaşan izdiham “Rədd olsun diktatura” şüarları səsləndirib.

Nümayişlər şəhərin küçələrinə sıçrayan zaman təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb.

"Tasnim" xəbər agentliyi Kərəcdə baş verən hadisələrdə Besicin bir üzvünün həyatını itirdiyini, 2-si ağır olmaqla 5 polisin yaralandığını açıqlayıb.

Sosial mediada əks olunan görüntülərdə nümayişçilər polis maşını ilə təhlükəsizlik qüvvələrinə daşla hücum edir. Nümayişçi olduğu iddia edilən şəxsin də eyni avtomobildə olan yaralı polislərə atəş açdığı görünür.

Bildirilib ki, Kərəcdəki hadisələrə nəzarət etmək üçün ətraf əyalətlərdən çoxlu sayda polis əməkdaşı şəhərə cəlb olunub.

Mahsa Əminin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 22 yaşlı iranlı türk qızı Hədis Nacefi 6 güllə ilə öldürülüb.

Xatırladaq ki, sentyabrın 13-də paytaxt Tehranda əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi xalqın hiddətinə səbəb olub. Sentyabrın 17-də Əmininin doğulduğu Sakkızda dəfn olunmasından sonra başlayan nümayişlər İranın 200-dən çox şəhərinə yayılıb.

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində nümayişlərdə 253 nəfərin həyatını itirdiyini yazıb.