Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə vəhşicəsinə divan tutdu.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımına doğru
7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdi.
Beləcə ermənilər, sovet ordusunun da iştirakı ilə əlini xalqımızın qanına batırmaqla insanlığın qatili rolunu öz xislətinə yaraşan şəkildə oynamışdı.
Ötən illər yalnız rəqəmləri dəyişə bilir. 30 il keçsə də, nə faciəni yaşayanlar, nə də Azərbaycan xalqı o dəhşətli günləri unutmur və unutmayacaq.