1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımdan 30 il ötür. Kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Soyqırımdan sonra girov götürülən insanların həyatında ikinci faciə başlayıb.
Dəhşətli işgəncələr, dözülməz sarsıntılar oradan xilas olanların həyatında heç vaxt silinməyən izlər qoyub.
“Həsrət yolu” Əsir və Girovlara Kömək” İctimai Birliyinin sədri Esmira Orucova erməni təcavüzünün qurbanı olan əsir-girovlarla bağlı çoxsaylı tədiqatlar aparıb.
Elxeber.com E.Orucovanın araşdırmalarına istinadən bəzi faktları təqdim edir.
Girovlara əziyyət verən Köçəryan
Aparılan araşdırmalar onu göstərir ki, ermənilər Xocalıda girov götürdükləri yerli sakinlərlə yanaşı, 1989-cu ildə tarixi vətənləri olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş soydaşlarımıza və 1944-cü il noyabr ayının 14-də Stalin rejimi tərəfindən dədə-baba torpaqları olan Ahıskadan (indiki Gürcüstandan) Orta Asiyaya sürgün edilmiş, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrindən canlarını qurtararaq Azərbaycana pənah gətirmiş, Xocalıda yerləşdirilmiş Ahıska türklərinə qarşı da qəddarlıq göstəriblər.
Xocalı faciəsi zamanı 10 nəfərlik ailəsi ilə birlikdə girov götürülən, 1941-ci ildə Gürcüstan Respublikasının Adıgün rayonunun Xevaşen kəndində anadan olmuş, milliyətcə Ahıska türkü olan Gülalı Binali oğlu Binaliyevə Ermənistanın sabiq prezidenti Robert Köçəryan özü şəxsən dəhşətli işgəncələr verib.
Belə ki, soyuq fevral ayında, istismar vaxtı bitmiş köhnə avtobazada, şüşələri olmayan köhnə avtobuslarda, yarıçılpaq, ayaqyalın saxlanılan girovlara Robert Köçəryanın başçılığı ilə işgəncələr verilib. Köçəryan Azərbaycan dilində Binaliyevə “türk, sən burada nə gəzirsən?” -deyə istehza edib. Ona ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edib Ermənistan vətəndaşlığını qəbul etməyi, İrəvana köçməyi təklif edib. Lakin Gülalı Binaliyev ona türk və müsəlman olduğunu, Azərbaycanın ikinci Vətəni olduğunu, ən ağır günlərində Azərbaycan xalqının onlara qucaq açdığını xatırladıb. Bundan əsəbiləşən Köçəryan Binaliyevi təpiklə və əlindəki armatur parçası ilə huşunu itirənə qədər döyüb. Səhər ayılanda özünü ona verilən işgəncələrdən qulağından və ağzından axan qandan əmələ gəlmiş soyuq və laxtalanmış qan gölməçəsinə üzü-üstə yıxılmış vəziyyətdə görüb.
Sonradan Gülalı Binaliyev ailə üzvü ilə birlikdə azad edilib. İxtisasca kimya-biologiya müəllimi olan Binaliyev uzun müddət Udulu kənd məktəbinin direktoru vəzifəsində çalışıb. Lakin 2 oğlu – Binaliyev Alişer (1967) və Binaliyev Cabbar (1969), yaxın qohumu, gəlininin qardaşı Bədişov Ali Rais oğlu (1968) və həmkəndliləri İlyasov Əhməd Məhəmməd oğlu (1968), Həmdiyev Osman Həmdi oğlu (1954) və Fəzliyev Qədim Fəzli oğlu (1954) bu günə kimi də əsirlikdən qaytarılmayıblar.
Xocalı faciəsi zamanı ümumilikdə 15 nəfər Ahıska türkü itkin düşüb
Ermənilər əsir götürdükləri 6 nəfər gənc, sağlam Ahıska türkünü bu günə kimi qaytarmayıblar. Girovluqdan azad edilmiş Xocalı sakini Abbasov Mərkəz Salman oğlu Dəhraz kəndində ermənilərin 6 nəfər cavan Ahıska türkünə ağır işgəncələr verdiklərinin şahidi olub. Qarşı tərəf faktları inkar etdiyi üçün, çox təəssüf ki, bu günə kimi onların heç birini qaytarmaq mümkün olmayıb. İşgəncələrə məruz qaldıqdan sonra erməni girovluğundan azad edilmiş Xocalı sakini sayılan ahıskalılar bu gün Şabran rayonunda, onlar üçün salınmış Udulu kəndində məskunlaşıblar.
Beləliklə, Xocalı faciəsi zamanı ümumilikdə 15 nəfər Ahıska türkü itkin düşüb. Onlardan on üç nəfəri kişi, biri qadın, biri azyaşlı oğlandır. Altı nəfər kişi, şahid ifadələrinə əsasən, əsir götürülüb və bu günə kimi qaytarılmayıb. 50 nəfər müxtəlif işgəncələrə məruz qaldıqdan sonra azad edilib. Onlardan 17 nəfəri qadın, 19 nəfəri kişi, 5 nəfəri azyaşlı qız, 8 nəfəri azyaşlı oğlan, 1 nəfəri isə yaşlı insandır.
Şabran rayonunun Udulu kəndində işgəncələrə məruz qaldıqdan sonra girovluqdan azad edilmiş Xocalı sakinləri hesab olunan Ahıska türkləri də məskunlaşıblar. Onlar 67 nəfərdən ibarət 17 ailədir. Əsir və girovluqdan azad edilmiş Xocalı sakinləri hesab edilən Ahıska türkləri Xaçmaz, Saatlı, Sabirabad və digər rayonlarda da məskunlaşıblar.