Ermənistanın paytaxtı İrəvanda müxalifətçilərin Nikol Paşinyan hökumətinə itaətsizlik aksiyaları davam edir. 

Erməni mediasının yazdığına görə, bu gün saat 12.00-dan etibarən paytaxtın müxtəlif istiqamətlərində mitinqlər keçirilir.

Respublika meydanının girişində polis hərəkət istiqamətinin dəyişdirilməsini tələb edərək aksiya iştirakçılarının yolunu bağlayıb. Nəticədə nümayişçilərlə polis arasında toqquşma yaşanıb. Etirazçılar arasında saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar.