ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan diasporu Azərbaycanın Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş "Mən Azərbaycanı hər yanda axtarıram" mövzusunda foto müsabiqəsi elan edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Elxeber.com-a verilən məlumata görə, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaş arası uşaqlar və gənclər iştirak edə bilərlər. Mayın 28-də başa catacaq müsabiqənin şərtlərinə əsasən, fotolar plagiatdan uzaq olmalıdır. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları 1 iyun tarixində – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanacaq.
Həmin gün keçiriləcək mərasimdə I, II və III yerləri tutan qaliblərə pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək. I yerin qalibinə 500, II yerin qalibinə 300, III yerin qalibinə 200 ABŞ dolları məbləğində pul mükafatlarının verilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyən uşaqlar və gənclər Azərbaycana aid olan şəkilləri [email protected] elektron ünvanına göndərməlidirlər.
Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi keçirilib.