Fransanın keçmiş müstəmləkələri olan Toqo (Togo) və Qabon (Gabon) rəsmi şəkildə İngiltərə Millətlər Birliyinə (Commonwealth) üzv olub.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birliyin Ruandanın paytaxtı Kiqalidə keçirilən Hökumət Başçıları Toplantısında (CHOGM) adı çəkilən bu iki dövlətin İngiltərə Millətlər Birliyinə üzvlüyü müzakirə edilib. Sonra ev sahibi - Ruanda prezidenti Paul Kaqame Toqo və Qabonun Millətlər Birliyinə qəbul edildiyini açıqlayıb.
1960-cı ildə Fransadan azad olub müstəqillik qazanan Qabon və Toqonun İngiltərə ilə heç bir tarixi əlaqəsi yoxdur. Bu Frankofon Afrika ölkələri üzv ölkələrə əhəmiyyətli sosial və iqtisadi dəstək verən texniki əməkdaşlıq fondundan faydalanmaq və ingilis dilli dünyaya açılmaq üçün cəmiyyətə daxil olmaq istəyirlər.
Təxminən 8 milyon əhalisi olan, əvvəl Almaniyanın, sonra isə Fransanın müstəmləkəsi olan Toqo 2014-cü ildən birliyə daxil olmaq istədiyini gündəmə gətirirdi.
Qeyd edək ki, İngiltərə Birliyinin tərkibində Asiyadan Afrikaya qədər 5 qitədən 54 üzv ölkə var. Onlardan 19-u Afrika ölkələridir. Əksəriyyəti keçmiş Britaniya koloniyaları olan bu ölkələr arasında yalnız Mozambik və Ruandanın Böyük Britaniya ilə müstəmləkəçilik əlaqələri yoxdur.