Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyada demokratik yolla seçilmiş ilk müsəlman qadın deputat olan Pərixanım Sofiyevanın xatirəsi əbədiləşdirilib.

Elxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, gürcü rəssam Ana Dedabrişvili ilk müsəlman deputat xanım P.Sofiyevanın iri ölçüdə portretini yaradıb.

Dekabrın 10-da portretin təqdimatı olub.

Bildirilib ki, rəsm əsəri SOCAR-ın maliyyə dəstəyi və "Mirabaldebi" təşkilatının təşəbbüsü ilə çəkilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci katibi Anar Rəsulov, Gürcüstanın barış və vətəndaş bərabərliyi dövlət nazirinin müşaviri Anar Suleymanov, Qardabani Bələdiyyəsinin sədr müavini Vüqar Məmmədov, Qardabani merinin Qaracalar kəndi üzrə nümayəndəsi Ramin Sofiyev, Tbilisi Bələdiyyəsinin nəzdindəki Milli Azlıqlar Şurasında Azərbaycanlı İcmasının təmsilçisi Gültəkin Mustafayeva və P.Sofiyevanın qohumları iştirak ediblər.

Anar Rəsulov çıxışında bildirib ki, Pərixanım Sofiyeva dünyada demokratik yolla seçilmiş ilk müsəlman qadın deputat olub. Azad cəmiyyətdə qadınların rolunun artmasında onun rolu danılmazdı. Gürcüstan dövləti və qeyri-hökumət sektoru P.Sofiyevanın tarixdə oynadığı mühüm rolu yüksək qiymətləndirir. Onun adının əbədiləşdirilməsi istiqamətində atılan hər bir addım təqdirəlayiqdir.

Bildirilib ki, Tbilisidə küçələrin birinə P.Sofiyevanın adının verilməsi bunun bariz nümunəsidir. “İnanırıq ki, Azərbaycanlı İcmasından olan qadınlar da P.Sofiyevanın yolunu davam etdirərək tam hüquqla vətəndaş kimi Gürcüstanın ictimai-siyasi həyatında daha da fəal olacaqlar”, - deyə diplomat vurğulayıb.

P.Sofiyevanın nəvəsi Əli Sofiyev çıxışında həm Gürcüstan, həm də Azərbaycan dövlətinin ilk qadın deputata göstərdiyi hörməti yüksək qiymətləndirib. Qeyd edib ki, Tbilisinin mərkəzi küçələrindən birinə Pərixanım Sofiyevanın adı verilib: “Belə tədbirlər davam etdiriləcək. Bu yaxınlarda Pərixanım Sofiyevanın doğulduğu kəndində onun adına tədris mərkəzi açılacaq”.

Qeyd edək ki, Pərixanım Sofiyeva öz icmasının inkişaf etməsi və əhalinin elmə yiyələnməsində mühüm rol oynayıb.