2022-ci ildə nüvə silahlarına  82 milyard dollardan çox maliyyə vəsaiti xərclənib.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə silahına malik ölkələr sırasındadır.

Bu ölkələrin 12.500-dən çox nüvə başlığı var. Rusiya 5889 nüvə başlığı ilə siyahıya başçılıq edir. Rusiyadan sonra 5244 döyüş başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin gəlir. Fransanın 290, İngiltərənin 225, Pakistanın 170, Hindistanın 164, İsrailin 90, Şimali Koreyanın isə 20 nüvə başlığı var.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) 2023-cü il hesabatına görə, ümumilikdə, nüvə başlıqlarının sayı azalmaqda davam edir, lakin bu, əsasən ABŞ və Rusiyanın istifadə olunmamış döyüş başlıqlarını ləğv etməsi ilə bağlıdır.

Nüvə Silahlarının Qadağan Edilməsi və Beynəlxalq Nüvə Silahları Təşəbbüsü (İCAN) tərəfindən hazırlanan hesabatlarda 2019-2022-ci illərdə nüvə silahına malik 9 ölkənin nüvə silahının inkişafı üçün qoyduğu sərmayələr dərc edilib. Məlumata görə, 2019-cu ildə dünya üzrə nüvə silahlarına 72,9, 2020-ci ildə 72,6, 2021-ci ildə 82,4, 2022-ci ildə isə 82,9 milyard dollar vəsait xərclənib. Bu, 4 il ərzində investisiyaların 10 milyard dollar artması deməkdir.

Nüvə silahına ən çox sərmayə qoyan ölkələr ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreyadır.