Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının premyerası keçirilib.

Elxeber.com xəbər verir ki, yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Yeni yaradıcılıq işində Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisalar Dilarə Nəzərova (Olqa), Rüstəm Rüstəmov (Nəzarətçi) və başqaları çıxış ediblər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır.  

Şükriyyə Axundzadə 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.