Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 1-i axşamadək davam edib. İyulun 2-də gecə və səhər əsasən yağmursuz keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dünən düşən yağıntının miqdarı Qobustanda 10, Astarada 8, Qrızda 6, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran, Biləsuvarda 5, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iyulun 1-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21, aran rayonlarında 31 dərəcəyədək isti olub.

İyulun 2-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 29-34 dərəcə, Naxçıvan MR-da və aran rayonlarında 31-36 dərəcə, dağlıq rayonlarda isə 17-22 dərəcə isti olacaq.